İçinizdəki Lideri Oyandırın !

psixologiyaAz sayda insanı ucaldan möcüzəvi güc, kənarda deyil, onların içində gizlidir!

Motivasiya ustalarının əksəriyyəti, insanın lider olaraq doğululmadığını, lider kimi ucaldığını söyləməyi sevirlər. Mən isə bu müddəanın tam əksini müdafiə edirəm. Hamımızın doğulduğumuz gündən lider olduğumuza, amma illər keçdikcə dəyişikliyə uğradığımıza inanıram. Uşaqlar kimi, hamımız maraqlı və təvazökar, həmişə biliklərə qarşı ac və susuz, rəngarəng təxəyyülünə sahib təbii liderlərdik.

Kiçik yaşlarımızda biz nə istədiyimizi tam bilirdik, istədiyimizi əldə etmək üçün inadkar idik, missiyamızı həyata keçirməyə kömək kömək etməsi üçün ətrafımızdakı hər kəsi motivə etmə, hərəkətə gətirmə və vadar etmə qabiliyyətimiz vardı. Elə isə, böyüdükcə buna davam etmək niyə bu qədər çətindir?

Axı bizə nə oldu? Uşaq vaxtlarımızdan bəri - \"xeyr\", \"belə etmə\" və \"bunu sən edə bilməzsən\" - sözlərini eşitməyə alışdıq. Xeyr! Bunu etmə! Bunu edə bilməzsən! Valideynlərimiz bizə sakit olmamızı və səfeh suallar soruşaraq böyükləri narahat etməməmiz, bir ədəb qaydası kimi bizə “yeritdilər”. Bu qayda, yetkinlik dövrünə qədər davam etdi. Məktəbdə isə müəllimlərimiz nəyi edib, nəyi edə bilməyəcəyimizi və nəyin mümkün olduğunu söyləyərdilər. Sonra isə çoxumuz, böyük və rəsmi təhsil təşkilatı olan universitetin sərt üzüylə tanış olduq. Çox təəssüf ki, ənənəvi təhsil sistemi, tələbələrə lider olmağı deyil, dünyanın nizamı üçün əmrləri nəzakətli alan kəslər olmağı öyrədirlər. Bir çox insan, yaradıcı, müstəqil, özünə etibar edən və azad düşünən biri olmağı öyrənmək əvəzinə, təşkilati maşının işini təmin etmək üçün qaydalarlaa uyğunlaşmağı və bunları ustalıqla tətbiq etməyi öyrənər.

Həyatınızı ən yaxşı şəkildə yaşamaq üçün içinizdəki lideri inkişaf etdirmək naminə, bu öyrəndiklərinizi unutmalı, əslində necə olduğunuzu yenidən xatırlamalısınız. Yenidən güclü bir lider olmaq fikri, cəsur olmanızı, uşaqlıq xəyallarınızın “buxovlandığı” daxili dünyanızın qapılarını açmanızı və ürəyinizin dərinliklərinə enmənizi tələb edəcəkdir. İnsanın fərdi inkişafı və liderlik sahəsindəki 10 illik tədqiqatlara əsaslanaraq, içinizdəki lideri oyandırmaq və böyüklük ehtirasınızı yenidən alovlandırmaq üçün ata biləcəyiniz 10 asan addımı aşağıda təqdim edirəm.

 

1. Təvazökarlıq.

Liderlik, təvazökarlıqla başlayar. Son dərəcə uğurlu bir lider olmaq üçün, bir uşaq kimi təvazökar və başqalarına xidmət etməyə istəkli olmalısınız. Özünü bəyənmiş, xudpəsənd birini kimsə təqib etmək istəməz. Bir uşaq kimi hər şeylə maraqlanan, öyrənməyə qarşı ac, biliklərə qarşı susuz və təvazökar olun! Ən əsası bilikdir, həmişə təkmilləşməyə can atmaqdır, fasiləsiz böyüməkdir. Təvazökarsınızsa, insanlara həqiqi maraq duyacaqsınız, çünki onlardan dərs almaq istəyəcəksiniz. Həyatdan dərs almaq və böyümək istədiyi sizdə adət halına keçdiyi üçün, daha diqqətli bir dinləyici olacaqsınız. Yaxşı dinləyicilik isə, liderliyin bir nömrəli ünsiyyət vasitəsidir. İnsanlar, onlarla yaxından maraqlandığınızı və onları dinlədiyinizi hiss etsələr, sizə maraq duyarlar və dediklərinizi dinləyərlər.

 

2. Özünüz üçün SWOT analizi edin!

SWOT analizi, güclü və zəif tərəflərinizin sizə verə biləcəyi fürsətləri ortaya çıxarmanızı təmin edər. Stanford və Harvard Universitetlərinin hazırladığı bu təhlil üsulu, böyük firmalarda istifadə edilməsinə baxmayaraq, özünüzü bir lider olaraq yoxlaya bilərsiniz. Təhlil zamanı siz, özünüzü tanımaq, xatırlamaq və yüksək qiymətləndirmək üçün, bütün qapıları uğurla açan faydalı bir açar əldə edəcəksiniz. Uğurlarınız da daxil olmaqla bütün güclü tərəflərinizi siyahıya alaraq işə başlayın. Daha sonra isə bütün zəif və inkişafına ehtiyyac olan tərəflərinizi qeyd edin. Siyahıya, hər növ şübhə, narahatlıq, qorxu və kədərlərinizi əlavə etdiyinizdən əmin olmalısınız. Bunlar, daxili dünyanıza açılan qapıda gözləyən şeytan və canavarlardır. Onları təhtəlşüurdan çəkib şüur səviyyəsinə çıxararaq, məhv etməyə başlamalısınız. Daha sonra, güclü tərəflərinizdən tam gücüylə istifadə edə bilməniz üçün əlinizdə olan bütün imkanları yazaraq davam edin. Axırda, sizə “stop” əmrini verən, arzularınıza gedən yolda qarşılaşacağınızı hesab etdiyiniz bütün maneələri yazın.

 

3. Sizi nə sevindirir? Onu edin!

Nə qədər çox işləsəniz də, etməyi çox sevdiyiniz bir şeyi etmək üçün zaman ayırın. Qaynar və həyat eşqi ilə aşıb-daşan biri olmağınız başqalarını da canlandırar. Hədəflərinizin arxasınca ehtirasla getdiyiniz zaman, istər-istəməz ətrafınızdakı insanlar sizin varlığınızla həyəcanlanacaqlar. Bu vəziyyət, getdikcə sizi lider edəcəkdir. Yazmaq, rol oynamaq, şəkil və ya fotoşəkil çəkmək, idman etmək, oxumaq, rəqs etmək, fərqi yoxdur zövq aldığınız şey hər nə isə bunun üçün hər həftə müəyyən zaman ayırın. Gündə iki, yaxud üç saat ayıra bilsəniz çox yaxşı olar. Əmin olun ki, bu zamanı ayırmağınız çətin olmayacaqdır. Əgər, bir gününüzü səhərdən-axşama qədər videoda görsəydiniz, nə qədər çox zamanın boşa xərcləndiyinizin şahidi olub, dəhşətə gələrdiniz.

 

 4. Böyük xəyallar qurun!  

Həyatda daha böyük olmaq istəyirsinizsə, daha böyük bir xəyalınız olmalıdır. Kiçik xəyallar, nə sizin, nə dən başqalarının işinə yaramaz. İstər kiçik, istərsə də, böyük xəyallar qurmaq üçün eyni zaman miqdarını sərf edirsiniz. Deməli, böyük düşünüb, cəsur olmaq lazımdır. Ən böyük xəyalınızı, sizi ən çox həyəcanlandıran xəyalınızı yazın və  qətiyyən kiçik düşünməyin. Beyninizdə daşıdığınız həqiqətdən uzaqlaşın, cəsur və xəyalpərvər olun! Ən böyük mükafatları, qızıl medalı, Nobeli və ya Oskarı hədəfləyin. Xəyalınızı yazdıqdan sonra, buna yetişə bilməyəcəyiniz üçün kədərlənmək əvəzinə, bunu bacarmaqda sizə mane olacaq bütün səbəbləri siyahıya alın!

 

5. Vizion.

Vizionsuz, yox olarıq! Özünüzün o mükafatla təltif edildiyinizi xəyal edə bilmirsinizsə və qələbə göz yaşlarınızın yanaqlarınızdan süzüldüyünü hiss edə bilmirsinizsə, özünüzü ya da başqalarını zəfərə yönləndirmə ehtimalınız da çox aşağıdır. Xəyalınızı reallaşdırmaq üçün, gözlərinizi yumun və bunu düşünün, görün, iyləyin, dadın, eşidin və özünüzü olmaq istədiyiniz kimi hiss edin.

 

6. Əzmkarlıq.  

Zəfər, onu ən çox istəyənlərə və onun uğrunda ən uzun mübarizə edənlərə aiddir. Artıq, bir arzunuz olduğuna görə, hər gün tutarlı hərəkət etdiyinizdən əmin olun və hər gün sizi xəyalınıza yaxınlaşdıracaq ən az 5 əməl edin!

 

7. Sözünüzün ağası olun!

Sözünüzü tuta bilmədiyiniz hər dəfə güc itirərsiniz. Uğur qazanmış liderlər sözlərinə dəyər verərlər. Dünyada hər cür var-dövlətə sahib ola bilərsiniz, amma unutmayın ki, şərəfiniz vahiddir, sözünüz qızıldır. Ona mütləq dəyər verin!

 

 8. Məsləhətçiniz olsun!

Özünüzə, maraq göstərdiyiniz sahədə nəzərəçarpacaq uğurlara imza atmış bir məsləhətçi tapın! Sual verməkdən qorxmayın, onsuz da, itirəcəyiniz heç nə yoxdur. Çalışın, bəyəndiyiniz böyük liderlərin tərcümeyi halını araşdırmaq üçün vaxt ayırın. Onların həyatlarından mümkün qədər çox dərs alın və bəzi nümunəvi əməllərindən nəticə çıxarın!

 

9. Özünüz olun!

Məsləhətçilərlə olan əlaqələrinizi və böyük liderlər haqqındakı araşdırmalarınızı, işləriniz üçün nümunə ya da istinad nöqtəsi kimi istifadə edin, amma əsla bunları bir tutuquşu kimi təkrarlamayın və yaxud təqlid etməyin. Çünki, hər kəsin liderlik surəti fərqlidir. Tarix kitabları şirin dilli, qapalı və səssiz liderlərlə doludur. Bir o qədər də səmimi, ünsiyyətcil və qabarıq olanlarına rast gəlinir. Hələ bu hamısı deyil. Sakit və sadə Qandi, şirin dilli, bir vaxtlar bir fıstıq fermeri, sonralar isə ABŞ prezidenti olmuş və Nobel Sülh Mükafatının laureatı Cim Karter, həmişə göz önündə olan Çörçil, sərt liderlik anlayışını mənimsəmiş Dəmir Ledi - Marqaret Teççer kimi müxtəlif çeşidli və kütlələrə təsir etməyə nail olmuş dünya liderləri olmuşdur.

Tutalım, yazıçılar arasında isə Hemenqueyə pərəstiş edirəm, amma, Hemenqueyi təqlid etsəydim, birinci dərəcəli Şərif Xan əvəzinə, ən yaxşı ehtimalla ikinci ya da üçüncü dərəcəli bir Hemenquey olardım. Özünüz olun, ola biləcəyinizin ən yaxşısı olun! Hər vaxt özünüzlə rəqabət aparın və özünüzü təkmilləşdirin! Beləcə, ikinci dərəcəli bir başqası olmaq yerinə, birinci dərəcəli özünüz olarsınız.

 

10. Verin!

Nəhayət, verici olun! Liderlər xəsislik etməzlər. Verimli olmaqla siz, həyatın verənə əvəz verməsi qanununu, cazibə qanunu qədər həqiqi bir universal qanunu tətbiq etmiş olarsınız. Nə qədər çox versəniz, o qədər çox alarsınız. Nə qədər çox sevgi, hörmət, dəstək və şəfqət istəyirsinizsə, o qədər çox sevin, hörmət edin, dəstəkləyin və şəfqət göstərin. Başqalarının məsləhətçisi olun və cəmiyyətdən aldıqlarınızı cəmiyyətə geri verin. Bir lider olaraq istədiyinizi əldə etmək üçün, əvvəlcə insanlara istədiklərini əldə etmələri üçün kifayət qədər kömək etmək lazımdır. Ser Vinston Çörçilin dediyi kimi: - \"Aldıqlarımızla güzəranımızı təmin edərik, verdiklərimizlə həyat qurarıq\".

 

Şərif Xan

Pakistan əsilli məşhur ABŞ yazıçısı,

Peşəkar natiq.

 

Tərcümə etdi:

Babək Bayramov

NLP Master,

Fərdi İnkişaf Ustası


 

LOGİN

 Email
 Parol
Qeydiyyat