Toy evinə toy tutanlar

Yas mərasimləri ilə bağlı tətbiq olunan yeni qaydalar, bu qaydaların tətbiqinin ictimaiyyət arasında böyük dəstək qazanması diqqəti, istər-istəməz, toylara yönəltdi.

Cəmiyyətdə toy mərasimləri ilə də bağlı müəyyən məhdudiyyət və qadağaların tətbiq olunmasını istəyənlər daha çox şadlıq evlərindəki kəlləçarx qiymətlərdən, çeşidli menyülərdən narazılıq edir, toyların az qala yalnız şadlıq saraylarının rəhbərlərinin rifahına xidmət göstərdiyini arqument gətirərək ciddi ölçülər götürülməsinin tərəfdarı olduqlarını bildirirlər. Bu fikir sahiblərinə görə, şadlıq saraylarının böyük əksəriyyəti iş adamlarının, oliqarxların nəzarətində olduğundan toy sahiblərinə sözün həqiqi mənasında, toy tutan toy mafiyası ilə mübarizə aparmaq üçün ciddi qanun-qayda müəyyənləşdirilməli və dövlət səviyyəsində sərt nəzarət mexanizmi tətbiq olunmalıdır. İnzibati tədbirlərin görülməsi cəmiyyəti bu bəladan xilas etməyin yeganə üsulu hesab olunur. Ölkə vətəndaşlarının da bu məsələdə həmrəy olub, böyük iradə göstərməsi vacibdir. Çünki toy mafiyasının başında böyük nüfuz sahiblərinin durduğunu nəzərə alsaq, onlara qarşı mübarizə aparmağın nə qədər çətin olduğu anlaşılar.

Əhalinin narazılığını və çoxsaylı şikayətlərini nəzərə alaraq, son vaxtlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evlərində israfçılığın qarşısının alınması üçün bəzi hazırlıqlar həyata keçirməyə başlayıb. Komitənin texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin şöbə rəisi Mənsim Babayevin sözlərinə görə, son 7 ay ərzində ümumilikdə 75 restoranda yoxlamalar aparılıb və onların 36-da standart şərtlərinin pozulduğu qeydə alınıb :

"Əsas problem salatlar, mənşəyi məlum olmayan konservləşdirilmiş məhsullardan istifadə olunmasıdır. Hətta elə restoranlar var ki, 5-6 cür salatın hazırlanmasına qadağa qoymuşuq. Amma xeyri yoxdur, sabah başqa bir adla həmin salatı süfrələrə verirlər. Elə salatlar var ki, müddəti cəmi 6 saatdır. Restoranlarda isə bunu səhərlər hazırlayıb, axşama kimi saxlayırlar. Ümumiyyətlə, mayonez tərkibli salatların saxlama rejiminə və müddətinə əməl edilmir. Bundan əlavə şadlıq evlərinin demək olar ki, əksəriyyətində peşəkar təcrübəyə malik insanlar yoxdur".

Xatırlayırsınızsa, təxminən bir il öncə ölkənin bir qrup gənc ədibi "müasir" toylara qarşı etiraz kampaniyasına başlamışdı. Onlar ictimaiyyətə müraciət edərək hər kəsi bu aksiyaya qoşulmağa dəvət edirdilər. Sosial şəbəkələrdə "Toy məclisləri indiki xarakteriylə toy sahibləri və qonaqlar üçün yalnız problemlər yaradır"- deyə, yekdil çıxış edən gənc yazarların bu kampaniyası toylardakı israfçılığa, bayağı mahnılara qarşı istiqamətlənmişdi. Kampaniyanın mahiyyətinə uyğun olaraq, həmin gənclər dəvət olunduqları toylara getməkdən imtina edirdilər. Lakin bu kampaniyanı cəmiyyətdə elə də böyük dəstək qazanmadı.

Milli Məclisin Sosial-siyasət komitəsinin sədr müavini Musa Quliyevin fikrincə, bu məsələlərlə bağlı ilk növbədə cəmiyyətdə maarifləndirmə işi aparılmalıdır. Millət vəkili şadlıq evi sahiblərinin vergiyə cəlb olunması məsələsinə də toxunub: "Əgər onlarla bağlı sərt vergi sistemi tətbiq olunsa və nəzarət gücləndirilsə, problem yaranmaz". Millət vəkilinin sözlərinə görə, bu məsələdə digər müvafiq orqanlar - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də nəzarəti gücləndirməlidir: "Gigiyena qaydaları vaxtlı-vaxtında yoxlanılmalı, işçilərlə əmək müqaviləsinin bağlanması ciddi tələb olunmalı, zallarda akustikanın normativlərə uyğun olub-olmadığı nəzarətdə saxlanmalıdır. Bu zaman nə toylarda bu qədər səs-küy olar, nə də min nəfərdən ibarət məclislər qurular". Millət vəkili hesab edir ki, mərasimlərin keçirilməsində ilk növbədə məmurlar, görkəmli ictimai xadimlər, ziyalılar özləri sadə insanlara nümunə olmalı və övladlarının toyunu sadə keçirməlidirlər.

Psixoloq Elnur Rüstəmli isə hesab edir ki, toylardakı başlıca problem israfçılıqdır: "Hər bir valideyn imkan daxilində, bəzən də imkan xaricində övladı üçün yaxşı toy keçirmək istəyir. Bunun özü psixoloji bir məqamdır. Burada "valideynlik borcu"nu layiqincə yerinə yetirməkdən söhbət gedir. Ona görə də həmin situasiyada valideyn istər təamların yaxşı olması, istərsə də toya dəvət edilən müğənnilərin sayı baxımından hər şeyi maksimum etməyə çalışır. İlkin mərhələdə bu problem kimi dəyərləndirilmir. Problem çox zaman toyun gedişatında, yaxud da toydan sonra yaranır. Heç kimə sirr deyil ki, bəzən toydan sonra qohumlar arasında münasibətlər pozulur, nəticədə bundan ən çox əziyyət çəkən də bəylə gəlin olur. Boşanmaya təsir göstərən məqamlardan biri də tərəflər arasında yaranan bu narazılıqlar olur".

Psixoloqa görə, toydan sonra daha ciddi problem üzə çıxır - borc və kreditləri qaytarmaq. Və bu da, şübhəsiz, insanların psixoloji durumuna mənfi təsir göstərir: "Düşünürəm ki, bu istiqamətdə maariflənmə işi aparılmalı, daha çox israfçılığın qarşısı alınmalıdır. Bu məsələdə şadlıq evləri ilə sivil əməkdaşlıq etmək çox vacibdir. Şadlıq evini çalışdıran insanlar bilir ki, bu məsələni hansı formada tənzimləmək olar. İsrafçılıq olmasa, problem də az olar". Psixoloq onu da qeyd edib ki, toylardakı səs-küydən daha çox uşaqlar narahatlıq keçirir: "Ona görə də bu işdə insanlara daha çox restoran sahibləri yardımçı ola bilər. Əgər ortada 3-4 sadə toy nümunəsi olsa, düşünürəm ki, proses tənzimlənə bilər".

İlahiyyatçı Hacı Şahin Həsənli hesab edir ki, ilk növbədə, toyun keçirilmə müddəti azaldılmalıdır: "6 saat ərzində insanların toy mərasimində iştirak etməsi lazımsız işdir. Həm də musiqinin səsini tənzimləmək lazımdır. Toylarda həddən artıq yüksək səslə musiqi səsləndirilir və insanlarda ciddi narahatlıq yaradır. Müəyyən vaxt sakitlik olsa, daha yaxşıdır. Çünki insanlar toya həm də bir-birini görməyə gəlirlər. Elə buna görə də, onların rahat ünsiyyət qurması üçün şərait yaratmaq lazımdır. Amma indiki mərasimlərdə musiqinin səsi o qədər yüksək olur ki, hətta yanındakı insanla ünsiyyət qura bilmirsən. Süfrələr də çox sadə olsa, yaxşıdır. Hətta, Türkiyədə bəzi toy mərasimlərində yemək süfrəsi yox, çay süfrəsi açılır. Süfrəyə sadə yemək verilərsə, daha yaxşı olar".

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təklif edir ki, bu problemləri həll etmək üçün yüksək vəzifəli məmurlar sadə toy mərasimləri keçirərək cəmiyyətə nümunə göstərsinlər. Bəzən imkanlı şəxslərin adi toylar da keçirdiyini deyən H.Rəcəbli həmin məclislərdə yeməklərin az verildiyinin şahidi olub: "Mən bu cür sakit, mədəni, təvazökar toy məclislərində iştirak etmişəm".

Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyev isə bildirib ki, dini ənənələrə uyğun olaraq bir cütlüyün nigahını xalqa bəyan etmək üçün toy keçirilməsi və musiqi çalınması mütləq adət hesab olunur: "Şadlıq mərasimlərində həddi aşmaq, toyu daha dəbdəbəli keçirməyə can atmaq və israfçılıq qəbulolunmazdır. Allah israfçılıq edənləri sevməz".

Ceyhun ABASOV

http://525.az/site/?name=xeber&news_id=25611 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat