Son vaxtlar yeniyetmələr və gənclər arasında intihar halları artıb.

Son vaxtlar yeniyetmələr və gənclər arasında intihar halları artıb. Onlar ya ailə münaqişəsinə, ya sevdiyi şəxsə, ya da məlum olmayan səbəbə görə canlarına qıyırlar. Belə hadisələrdən biri də Sabunçu rayonunda yaşanıb. İmişli rayon sakini, 2001-c il təvəllüdlü Həsənli Teymur Baloğlan oğlu həyətlərində olan avtomobil təmiri sexində özünü asaraq intihar edib. İlkin araşdırma zamanı onun sevdiyi qıza görə intihar etdiyi məlum olub. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. Uşaq və yeniyetmələrin intihar etmə halları artsa da, bu cəmiyyətdə ya narahatlıq doğurmur, ya da az sayda insanı narahat edir. Ciddi problem olmasına baxmayaraq, hələ də cəmiyyətdə intiharların qarşısını almaq üçün addımlar atılmır. Bəs, intihar hallarının artmasının səbəbi nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Musavat.com məsələ ilə bağlı psixoloq Elnur Rüstəmovla əlaqə saxlayıb. Psixoloq valideynləri diqqətli olmağa çağırıb: “Hər insanın içərisində müəyyən zamanlarda boşluq olur. İnsan o boşluqları müxtəlif şeylərlə doldurmağa çalışır. Kimisi kitab oxuyur, kimisi ibadət edir, kimisi zərərli vərdişlərə aludə olur, kimisi də sevməklə bu boşluğu doldurur. Nəzərə almaq lazımdır ki, yeniyetməlik ailədən kənar sevgilərin formalaşdığı dövrdür. Onların sevgi ilə bağlı müxtəlif xəyalları, gələcəklə bağlı planları olur. Yeniyetmələr sevgi prosesini çətin keçirirlər. Ailə daxilində münasibətlər nə qədər sağlam olarsa, yeniyetmə ailəyə bağlanar və onlar kənar şəxslərə qarşı ifrat dərəcədə sevgi hissi bəsləməz. O, sevgisini ailəsi ilə kompensasiya edər, onlarla rahatlıq tapar. Münasibətləri soyuq olan ailənin övladı isə sevgisini kənar şəxslərlə bölüşür. Hislərinə qarşılıq görməyəndə isə intihar kimi hadisələrə üz tutur. Yeniyetmələrin valideynləri diqqətli olmalıdır. Onlar yeniyetməyə şəxsiyyət kimi yanaşmalıdır. Əgər uşaq dərsdən uzaqlaşır, özünə qapılıb, ətrafla ünsiyyət qurmur, bütün günü musiqiyə qulaq asırsa, bu, artıq problemin göstəricisidir, bir siqnaldır. Valideyn uşağı ilə ünsiyyət qurmağa çalışmalıdır. Ünsiyyət qura bilməyəndə mütəxəssisə müraciət etməli və ilkin rəy almalıdır. Bəzən uşaqlar ailəyə demədiyini yada deyir, valideynin sözünə qulaq asmır, amma qonşunun sözü ilə oturub-durur. Bu prosesdə mütəxəssis yeniyetmənin özünə qayıtması, yenidən həyata bağlanması üçün çox yaxşı yol göstərə bilər. Biz artıq fərqli cəmiyyətdə yaşayırıq. Bu gün valideyn övladını öz yeniyetməlik dövrü ilə müqayisə etməməlidir. İndi cəmiyyət fərqlidir, 10-15 il öncəki dövr deyil. İnformasiya əsridir, elm, texnologiya inkişaf edib. Əvvəllər bizim milli düşüncəmizə təsir edən amillər yox idi, indi qloballaşan dünyada yaşayırıq. Çox zaman yeniyetmələr və gənclər serialda gördüklərini həyata keçirmək istəyirlər, onlar kimi olmağı və yaşamağı arzulayırlar. Valideynlər bütün bunları nəzərə almalı, onlarla ünsiyyətdə ehtiyatlı olmalıdır”. E.Rüstəmov bildirib ki, valideynlər onları intihar edəcəyi ilə qorxudan övladlarına ciddi yanaşmalıdırlar: “Bəzən yeniyetmələr diqqət çəkmək üçün ailəsini intihar edəcəyi ilə qorxudur. Valideyn bunu şantaj kimi deyil, ciddi qəbul etməlidir, övladına biganə yanaşmamılıdır. Valideyn uşağın şantaja əl atdığını və beyninin bir kənarında intihar etmə istəyinin olduğunu gördükdə, tədbir görməli, dərhal həkimə müraciət etməlidir. Yeniyetmə intihar havasına girdikdə bəzən düşünmədən canına qıyır. Valideynlər diqqətli olmalıdırlar. Yeniyetmələr də bilmədir ki, onların intiharı valideynə ömürlük travmadır. Onların bir anlıq əsəblə, gərginliklə intihar etməsi ailələrinə ömürboyu dərd verir”.


 

LOGİN

 Email
 Parol
Qeydiyyat